...

Məşhur Silikon vadisinin paytaxtında Azərbaycan bayrağı ucaldılıb

07.06.2022

ABŞ-nin Kaliforniya ştatının San Xose şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi və San Xose meriyasının birgə təşkilatçılığı ilə baş tutan mərasim şəhər meriyası önündə gerçəkləşdirilib. Təntənəli mərasimdə San Xose şəhər vitse-meri Çarlz “Çappi” Cons (Charles “Chappie” Jones) və soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vitse-mer Çarlz “Çappi” Cons icma üzvlərini 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, ABŞ-la Azərbaycan arasında ictimai-siyasi, mədəniyyət və humanitar sahələrdəki münasibətlərin inkişafı istiqamətində soydaşlarımızın şəhərin həyatındakı fəaliyyətini yüksək qiymətləndirib. 28 May – Müstəqillik Günü münasibətilə San Xose şəhər meri Sem Likkardonun imzaladığı bəyannaməni Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinə təqdim edib.

Mərasimdə çıxış edən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Aynur Ağayeva ölkəmizin müstəqillik tarixi və müasir inkişafı ilə bağlı ətraflı məlumat verib.

Sonra Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin müşayiəti ilə Azərbaycan bayrağı ucaldılıb.

Mərasimin bədii hissəsində İmamyar Həsənov (kamança), Farida Nelson (vokal ifaçısı) və Güllü Məhərrəmova (rəqs ansamblının solisti) çıxış ediblər. Onların ifasında “Azərbaycan”, “Laçın”, “Sarı Gəlin”, “Dilin can incidəndir”, “Xəzərin sahilində” kimi xalq, bəstəkar mahnıları və milli rəqslərimiz təqdim edilib.

Qeyd edək ki, San Xose 1777-ci il noyabrın 29-da İspaniya koloniyasının Yeni Kaliforniyada (sonradan Şimali Kaliforniya) ilk şəhəri olaraq qurulub. San Xose dünyanın informasiya texnologiyaları mərkəzi olan Silikon Vadisinin paytaxtı, Kaliforniya ştatının 3-cü böyük şəhəri hesab olunur.