...

Qurultay nümayəndələri: “Zəfər yolu ilə Şuşada Zəfər qurultayına yollanmağın verdiyi həyəcanı sözlə ifadə etmək mümkün deyil”

07.06.2022

“Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından Qarsa xoş təəssüratlarla qayıtdım. Bu Qurultayın öncəki qurultaylardan ən böyük fərqi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun 28 illik əsarətdən xilas etdiyi Şuşa şəhərində keçirilməsi idi”.
Bu fikirləri Türkiyənin Qars Qafqaz Universitetinin Xarici əlaqələr şöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Tədqiqat Mərkəzinin və Qeyri-üzvü kimya kafedrasının müdiri, professor Hacalı Nəcəfov deyib.
O bildirib ki, sonuncu dəfə 1969-cu ildə olduğu Zəfər yolu ilə Şuşada Zəfər qurultayına yollanmağın verdiyi həyəcanı sözlə ifadə etməkdə çətinlik çəkir: “Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin proqram çıxışında dediyi sözlər hələ də qulağımda səslənir: “Bundan sonra bizim xalqımız qalib xalq kimi, dövlətimiz qalib dövlət kimi əbədi yaşayacaq”. 5 ildən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi möhtəşəm Qurultaya, azad Qarabağa, azad Şuşaya getdiyim üçün özümü bəxtiyar sayıram. Möhtərəm Prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunduğum üçün Vətən qarşısında məsuliyyətim daha da artıb. Bu xoşbəxliyi mənə yaşadan Prezidentimizə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edirəm. Zəfər qurultayı bir daha göstərdi ki, Azərbaycan nəinki siyasi sərhədlərinə, həmçinin mədəni sərhədlərinə sığmır. Artıq xaricdə yaşayan azərbaycanlılar da alnıaçıq, üzügülər, başıuca yaşayırlar. Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlanğıcı olan Zəfər qurultayında möhtərəm Prezidentimizin göstərdiyi hədəflərə çatmaq üçün diaspor təşkilatlarımızın fədakarlıqla çalışacağına, 44 günlük müharibə dövründə  olduğu kimi, post-müharibə dönəmində də xalqımızın milli birliyini qoruyacağımıza  inanıram”.

Türkiyə-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Muhammed Karasu qeyd edib ki, bütün dünya Azərbaycanın hərb meydanında Ermənistandan daha güclü olduğunu bilirdi, lakin Qarabağ məsələsini danışıq və sülh yolu ilə həll etmək istəyirdi: “Çünki Ermənistanın əsl gücü onun diasporunun güclü olmasında idi. Buna görə Azərbaycan diasporunun üzərinə böyük məsuliyyət düşürdü. Hər şey Tovuz hadisələri ilə başladı, II Qarabağ müharibəsində möhtəşəm Zəfər qazanıldı. Bu dövr ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi altında Azərbaycan diasporu Amerikadan Rusiyaya, Rusiyadan Avropaya, Avropadan Türkiyəyə, Türkiyədən Yaxın Şərqə qədər olan yerlərdə misli görünməyən uğur qazandı. Bu uğur işğalçı, daşnak erməni diasporunu şoka saldı. Bununla əlsaqədar olaraq Fuad Muradovu və onun komandasını təbrik etmək istəyirəm. Hər zaman, xüsusilə də müharibə dövründə Komitə əməkdaşları ilə 24 saat ərzində məhdudiyyətsiz əlaqə saxlayıb məlumat ala bilirdik. Əsgərlərimiz döyüş meydanında döyüşürdü, bizlər isə mediada, yüksək kürsülərdə, meydanlarda səsimizi duyurmağa çalışırdıq. Diaspor Komitəsi isə bizi düzgün istiqamətləndirərək, o ərəfədə bütün dünya azərbaycanlılarını birləşdirdı və yekun olaraq 65 ölkədən 400-ə yaxın soydaşımızı bir araya toplayaraq Şuşaya dəvət etdi. Mənə də bu möhtəşəm tədbirin iştirakçısı olmaq nəsib oldu. Hər birimizin ülvi arzusu olan Şuşa şəhərini gördük. Azərbaycana könül verən insanlarla, qardaşlarımızla tanış olduq, yeni əlaqələr qurduq. Bu, bizə Diaspor Komitəsinin vasitəsilə qismət oldu. Bu unudulmaz anları mənə yaşatdığınız üçün bir daha təşəkkür edirəm”.

Düseldorfda yaşayan musiqi müəllimi, Almaniya Azərbaycanlıları Alyansının Idarə Heyətinin üzvü Səbinə Məmmədovanın sözlərinə görə, Qarabağın baş tacı olan Şuşaya səfər etmək istər Azərbaycanda,  istərsə də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün böyük fəxr və qürurdur: “Dünya Azərbaycanlılarının V Qurultayına dəvət alıb ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər etdiyim üçün, taleyimə bu xoş günlər yazıldığı üçün çox sevincliyəm. Çünki Qarabağı görmək mənim əlçatmaz arzum idi. Bu arzum çin oldu.  Burada olduğum müddətdə gözləntilərim məni yanıltmadı. Şuşa qeyri-adi gözəlliyi və ab-havası ilə yaddaşımda ömürlük qalacaq. Yeni işğaldan azad olunmuş şəhərin uçurulmuş evlərinə, dağıdılmış məscid və məktəblərinə ürək ağrısı ilə baxsam da, Şuşa hər halı ilə möhtəşəm idi. Dünya Azərbaycanlılarının V Qurultayına gəlincə, deməliyəm ki, tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Cənab Prezidientin çıxışı bizim hər birimiz üçün yol xəritəsi oldu və bundan sonra xaricdə Azərbaycanı necə təmsil edəcəyimizi, yaşadığımız ölkənin ictimaiyyətinə necə tanıdacağımızı və fəaliyyətimizi hansı istiqamətdə davam etdirəcəyimizi öyrənmiş olduq. Şuşada dünyanın müxtəlif ölkələrindən olan soydaşlarımızla tanış olmaq, uzun müddət görmədiyim dostlarla görüşmək çox xoş oldu. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətimizdə də maraqlı işlərə birgə imza ata biləcəyik”.