Kanadalı qonaqlar Gəncəyə və Şuşaya səfər ediblər
Azərbaycanın ədalətli mövqeyini və Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə ölkəmizə səfər edən Kanada nümayəndə heyəti Gəncə və Şuşada olub.
Gəncə şəhərində qonaqlar Vətən müharibəsi dönəmində Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin bombardmana məruz qalmış ərazisini, gənclərin əl işlərinin nümayiş etdirildiyi sərgini, Nuri Paşanın ev muzeyini və Xan bağını, Şuşa şəhərində isə Gəncə Qapısını, Cıdır düzünü, “Güllələnmiş heykəllər”in olduğu meydanı, Bülbülün ev muzeyini, Qazançı kilsəsini ziyarət ediblər.
Hər iki qədim şəhərimizdə qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən I və II Qarabağ müharibələri zamanı barbarcasına törədilmiş terrorizm və vandalizm aktları barədə ətraflı məlumat verilib.
Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə Heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext bildirib ki, bu dəhşətli hadisələri hiddətlə qınayırlar. “Gəncə şəhərinə erməni terrorunun izlərini gözlərimizlə görməyə gəlmişik. Bu cür vəhşilikləri başa düşməkdə çətinlik çəkirəm. Ermənistanın Gəncədə törətdiyi terror, dəhşət dünyada tanıdılmalıdır”, - deyə jurnalist söyləyib.
O, qeyd edib ki, 44 günlük müharibədə Azərbaycanın qalib gələcəyinə şübhə etmirdilər: “Çünki Azərbaycanın güclü “dəmir yumruğu” var idi. Azərbaycan digər ərazilərini də hərbi güc sayəsində azad edə, hətta çox irəli gedə bilərdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, daha çox insan itkisinə yol verməmək naminə müharibənin dayandırılmasına, digər ərazilərin dinc yolla qaytarılmasına razı oldu. Bu onu göstərir ki, insan amili Azərbaycan xalqı və Prezident İlham Əliyev üçün necə mühümdür. Azərbaycan xalqının əzmi və dövlətinin qüdrəti sayəsində haqlı savaşınızda ölkəniz qalib oldu. Dünyada hər bir ölkə, hər bir millət Azərbaycanın haqq davasından dərs çıxarmalıdır. Bu gün dünya qalib Azərbaycanın sülhpərvər siyasətini alqışlayır və bu, təqdirəlayiq haldır”.
Ölkəmizin mədəniyyət paytaxtında qonaqlara iki ilə yaxın müddət ərzində Şuşada aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qazançı kilsəsi də Şuşadakı digər dini məbədlər kimi dövlət büdcəsi hesabına təmir edilir, multikultural dəyərlər sisteminin və tolerantlığın mövcud olduğu ölkəmizdə dini konfessiyalara və etnik azlıqlara hörmət edilir.
Bakıya dönərkən qonaqlar Füzulinin Əhmədbəyli kəndində məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış qəsəbəsindəki şəraitlə də tanış olublar.
Gəncə və Şuşaya səfərlər zamanı nümayəndə heyətini Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Fuad İsmayılzadə, Gəncənin yerli dövlət orqanlarının və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təmsilçiləri müşayiət ediblər.
Qeyd edək ki, Kanada nümayəndə heyətində Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə heyətini üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmail Vataner, “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənova təmsil olunur.
Bu səfər Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənovanın təşəbbüsü ilə baş tutub. Kanadalı qonaqlar Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.