...

Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin VII qurultayı keçirilib

06.06.2022

İyunun 4-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) VII qurultayı keçirilib.

Qurultayda Avropanın 27 ölkəsində on minlərlə azərbaycanlını öz ətrafında birləşdirən 11 Koordinasiya Şurasının, 50-dən artıq diaspor təşkilatının liderləri, elm, mədəniyyət, idman, media və biznez sahəsində çalışan diaspor üzvləri, Azərbaycanın Belçikadakı səfirliyinin təmsilçiləri, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavinləri Vaqif Seyidbəyov və Elşad Əliyev iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan AAK prezidenti Sahil Qasımov qurultay iştirakçılarını və qonaqları salamlayıb.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov bildirib ki, 2004-cü ilin 12 aprel tarixindən fəaliyyətə başlayan AAK ötən illər ərzində Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə töhfələr verib, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında iştirak edib. İndiyədək həyata keçirilən fəaliyyətə görə AAK rəhbərliyinə və üzvlərinə minnətdarlıq ifadə edilib.

Qeyd edilib ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında müəyyənləşdirilən strategiyaya uyğun olaraq Avropada diaspor və lobbi fəaliyyətinin miqyasının genişlənməsi istiqamətində mühüm addımların atılması nəzərdə tutulub. Bu məqsədlə AAK-da struktur dəyişiklərinin aparılmasına və vahid idarəetmə formasının yaradılmasına ehtiyac yaranıb. Buna nümunə olaraq Avropanın əksər ölkələrində müxtəlif diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə təsis edilən Koordinasiya Şuraları göstərilib. “Ötən dövr ərzində görülən işlər bir daha sübut etdi ki, Koordinasiya Şuralarının fəaliyyəti təqdirəlayiqdir. Biz Tovuz hadisələri, Vətən müharibəsi, pandemiya dövründə, o cümlədən Ukraynada baş verən hadisələrlə bağlı soydaşlarımızın təxliyəsi zamanı bunun şahidi olduq”, - deyə sədr müavini əlavə edib.

Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndəsi bildirib ki, Qərb ölkələrində, o cümlədən Avropanın siyasi mərkəzinə çevrilmiş Belçikada Azərbaycanın xarici siyasətinin və diaspor fəaliyyətinin paralel olaraq yüksələn xətlə inkişaf etməsi sevindiricidir: “Bu, ölkəmizin xarici və diaspor siyasətlərinin uğurlu olduğunu, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki böyük əməyinin nəticəsini göstərir. Ən əsası isə bu, həm də dəyərli soydaşlarımızın fədakar fəaliyyətini nümayiş etdirir”.
Tədbir Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı DİDK tərəfindən hazırlanmış videoçarxın nümayişi ilə davam edib.

Sonra qurultayda Avropa Azərbaycanlıları Konqresinin ötən dövr üçün hesabat məruzəsi dinlənilib. Hesabat ətrafında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, AAK Baş katibi, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri Arzu Oktay, AAK-ın fəxri prezidenti Başar Kömür, "Brabant Azərbaycanlıları Məclisi"nin sədri Ofeliya Babayeva, Danimarkada “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri, Milan Konservatoriyasının professoru Mais Nuriyev, Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın çıxış ediblər. Azərbaycan diasporu tarixində yaradılmış ən böyük təşkilatlardan biri olan AAK-ın fəaliyyətinə münasibət bildirən natiqlər struktur dəyişiklərini alqışlayıblar, təkliflər irəli sürüblər və təşkilatın seçiləcək yeni tərkibinə uğurlar arzulayıblar.

Qurultayda mövcud tələblərə uyğun olaraq yeni idarə formasının yaradılması ilə əlaqədar AAK-ın Nizamnaməsinə dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi və Avropada yaşayan azərbaycanlıların vahid mərkəzdən idarə olunması məqsədilə AAK-ın yeni strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Səsvermə nəticəsində AAK İdarə Heyətinin yeni üzvləri seçilib.