...

Filadelfiya meriyasının önündə Azərbaycan bayrağı uçaldılıb

06.06.2022

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib.

Azərbaycan-Amerika Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mərasim Filadelfiya şəhər meriyasının önündə gerçəkləşdirilib. Tədbirdə meriyanın rəsmi şəxsləri, şəhər məclisinin və cəmiyyətin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Filadelfiya şəhər məclisinin üzvü Devid Henri O (David Henry Oh) cəmiyyət üzvlərini Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan icmasının şəhərin ictimai-siyasi və humanitar sahələrində misilsiz xidmətlər göstərdiyinə və mədəniyyətlərarası anlaşmaya töhfələr verdiyinə diqqəti cəlb edib.

Filadelfiyada 28 may 2022-ci il tarixinin “Azərbaycanın Milli Günü” elan edildiyini nəzərə çatdıran şəhər şurasının üzvü bu barədə Filadelfiya meri Cim Kenninin (Jim Kenney) imzaladığı bəyannaməni Azərbaycan-Amerika Cəmiyyətinin rəhbəri Tomris Azəriyə təqdim edib.

Sonra Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan bayrağı təntənəli şəkildə ucaldılıb.

Tədbirin bədii hissəsində Azər Dəmirov (violin) və Güllü Məhərrəmova çıxış ediblər. Azərbaycan bəstəkarlarının əsərləri və milli rəqslərimiz böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirə qatılan meriya rəsmilərinə və şəhər məclis üzvlərinə Azərbaycan-Amerika Cəmiyyəti tərəfindən Azərbaycanın parlaq Qələbəsinin, işğaldan azad edilmiş Qarabağ bölgəsinin rəmzi olan “Xarıbülbül” nişanı təqdim edilib.