Nyu-Yorkdakı Türk Evində 28 May – Müstəqillik Günü və Amerika-Azərbaycan Cəmiyyətinin 65 illiyi qeyd edilib
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Türk Evində 28 May – Müstəqillik Günü və Azərbaycan-Amerika Cəmiyyətinin 65 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan-Amerika Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin, türk və Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan və Amerika Birləşmiş Ştalarının (ABŞ) Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Azərbaycan-Amerika Cəmiyyətinin rəhbəri, Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri açıb. Qonaqları salamlayan Tomris xanım 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması və fəaliyyəti barədə müfəssəl məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür icma üzvlərimizi və xalqımızı bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, müsəlman aləmində ilk dəfə Azərbaycanda dünyəvi və demokratik respublikanın qurulması böyük tarixi əhəmiyyət kəsb edir. Müasir Azərbaycan dövlətinin və xalqının AXC-nin mirasına ləyaqətlə sahib çıxdığı və unudlmaz Cümhuriyyət qurucularının əziz xatirəsini əbədiləşdirdiyi nəzərə çatdırılıb. Azərbaycan-Amerika Cəmiyyətinin ictimai-siyasi, mədəniyyət və humanitar sahələrindəki fəaliyyəti, mədəniyyətlərarası anlaşmaya töhfəsi yüksək qiymətləndirilib.
Tədbirin bədii hissəsində Azər Dəmirovun (violin) ifasında “Sevgili canan”, “Yaşa Azərbaycan” əsərləri, Güllü Məhərrəmovanın ifasında “Uzundərə”, “Ağ çiçək” milli rəqslərimiz təqdim olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 65 illik yubileyi münasibətilə Azərbaycan-Amerika Cəmiyyətini təbrik edərək, təşkilatın rəhbəri Tomris Azərini “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edib.