Şərqi Asiyadakı diasporumuzun perspektiv imkanları müzakirə edilib
Şərqi Asiya ölkələrində (Cənubi Koreya və Çin Xalq Respublikası) fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri ilə videogörüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə baş tutan tədbirdə diaspor təşkilatlarının rəhbərləri, alimlər və fəal gənclər iştirak ediblər.
Azərbaycan diasporunun Şərqi Asiyada mövcud vəziyyəti və perspektiv imkanları istiqamətində aparılan müzakirələr zamanı yaşadıqları ölkələrdə soydaşlarımızın birlik və həmrəyliyinin gücləndirilməsinin, ictimai-siyasi və humanitar sahələrdə səmərəli fəaliyyətinin təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında müəyyənləşdirilmiş strategiyasına uyğun olaraq lobbi quruculuğu istiqamətində fəaliyyətin genişləndirilməsi, müxtəlif layihə və ideyaların həyata keçirilməsi üçün atılacaq ilkin addımlar barədə fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları Azərbaycan Evinin, Azərbaycan həftəsonu məktəblərinin açılması və Şərqi Asiya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması təkliflərini irəli sürüblər.