Niderlandın Oysterveyk şəhərində 28 May – Müstəqillik Günü qeyd edilib
Niderlandın Şimali Brabant əyalətindəki Oysterveyk (Oisterwijk) şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Avropa Azərbaycanlılar Konqresinin (AAK) təşkilatçılığı ilə baş tutan tədbirdə Oysterveyk şəhər meri Hans Yanssen, Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) qızı Nensi Dumen (Nancy Doomen) və ailə üzvləri, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan icmasının rəhbərləri və fəal üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları həmyerlimizin adını daşıyan “Mamedovpad” küçəsindəki Milli Qəhrəmanın şərəfinə ucaldılan abidəni ziyarət ediblər. Məmməd Məmmədovun və Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə əklil qoyulub və gül dəstələri düzülüb.
Tədbir Niderlandın “Bayraq Gildiyası” musiqiçilərinin Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş çıxışı ilə davam edib.
Sonra Azərbaycan icmasının nümayəndələri Amersfoort şəhərindəki Leusden qardaşlıq qəbiristanlığında uyuyan azərbaycanlı əsgərin məzarlarını ziyarət ediblər.