...

İştirakçılar: “Zəfər qurultayı Azərbaycanın dostlarına da, düşmənlərinə də böyük mesaj oldu”

02.06.2022

“Şuşada keçirilən Zəfər qurultayı Azərbaycanın dostlarına da, düşmənlərinə də böyük mesaj oldu”. Bu sözləri Xəzər Mədəniyyət Kültür və Sosial Maarifləndirmə Dərnəyinin sədri, Türkiyənin Orta Doğu Texniki Universiteti MEMS Ar-Ge Mərkəzinin TAD Bölmə Meneceri – Baş Mühəndis Məcid Cavadi Araz söyləyib.

O qeyd edib ki, Şuşada erməni vandalizminə şahidlik etmək insana pis təsir etsə də, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi sevindirici idi: “Şuşanı ziyarət edən ilk dünya azərbaycanlılarından biri olduğum üçün xüsusilə qürur hissi keçirirdim. Bu qurultayın 30 ilə yaxın düşmən tapdağı altında qalan və Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun azad etdiyi Şuşa şəhərində keçirilməsi xüsusi kəsb etdirdi. Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan təkcə dünya ermənilərinə, erməni vandalizminə deyil, eyni zamanda erməniləri dəstəkləyən güclərə qalib gəldi. Bizə bu qurultayda iştirak etmək fürsəti verdikləri üçün Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirik”.

Alman-Azərbaycan Ziyalıları Birliyinin rəhbəri Naibə Şirinova Şuşada qarışıq hisslər yaşadığını bildirib: “Dünya Azərbaycanlılarının V Qurultayı diaspor nümayəndələrinin Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Biz Şuşada olduğumuz, tarixi torpağımızı yenidən görə bildiyimiz və ziyarət etdiyimiz üçün çox sevincli və qürurlu idik. O qədər qarışıq hisslər keçirirdik ki, bu hissləri ifadə etməyə sözlər aciz qalar. Çünki Şuşada qazanılan qələbə əsl möcüzədir. Bu qələbəni, bu qüruru bizə yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgərlərimizə, qazilərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin! Biz şəhid analarının qarşısında baş əyirik, əllərindən öpürük. Cənab Prezident Zəfər Qurultayının böyük tarixi məna kəsb etdiyini vurğuladı. Dünya azərbaycanlılarının Ali Baş Komandanımızın rəhbərliyi altında məhz Şuşada bir araya gəlməsi, bu möhtəşəm tədbirdə iştirak etməsi dünyaya böyük bir mesaj oldu. Çox sevinirəm ki, mən də Zəfər Qurultayında iştirak etdim. Qurultayın yüksək səviyyədə təşkil olunmasında, keçirilməsində əməyi olan Fuad Muradov başda olmaqla Diasporla iş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm və onlara bu məsuliyyətli işlərində uğurlar arzulayıram. Biz dünya azərbaycanlıları bundan sonra da Azərbaycanın haqq səsini dünya birliyinə çatdırmağa çalışacağıq”.

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş Katibi Fuat Uçarın sözlərinə görə, Dünya Azərbaycanlılarının V Qurultayı Ahıska türkləri üçün də çox önəmli tədbirlərdən biri idi: “Qurultayın Şuşa şəhərində keçirilməsi strateji cəhətdən də çox önəmlidir. 65 ölkədən müxtəlif diaspor nümayəndələrini bir araya toplamaq Diasporla İş üzrə Dövlət Komitəsinin böyük əməyinin nəticəsidir. Ahıska türkləri olaraq hər zaman qardaş ölkəmizin yanında olduq və bundan sonra da yanında olmağa davam edəcəyik. Təşkilatımızın rəhbəri Ziyəddin Kassanovun hər çıxışı zamanı qeyd etdiyi kimi, biz həm canımızla, həm də malımızla daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Zəfərdən sonra şəhid və qazi ailələrini ziyarət etdik, əlimizdən gələn yardımı əsirgəməcəyimizi bildirdik. “YAŞAT” Fonduna dəstək proseslərində yer aldıq. V Qurultaya dəvət aldığımız, bu möhtəşəm tədbirdə iştirak etdiyimiz üçün çox sevincliyəm və yolda əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm”.