...

Nigeriyada “Aworanka” platforması və “Azərbaycanın Dostları” Təşkilatı arasında memorandum imzalanıb

02.06.2022

Nigeriyada fəaliyyət göstərən “Azərbaycanın Dostları” Təşkilatının təsisçisi və rəhbəri Billurə Bayramova-Bernard və “Aworanka”nın təsisçisi Ana Aça əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Bu addım məsuliyyətli vətəndaşlar yaradan və ölkənin sosial-iqtisadi inkişafına töhfə verən imkanlar təklif etmək məqsədilə atılıb. Mədəniyyətlərarası dialoqa təkan verə biləcək memorandum mütəxəssislərin mübadiləsini, incəsənət sərgilərinin təşkilini, mediada işıqlandırılmasını, mədəni irsin qorunmasını və təbliğini əhatə edir.

İmzalanma mərasimində çıxış edən Ana Aça Billura Bayramova-Bernard bildiriblər ki, beynəlxalq incəsənət mübadiləsi yaradıcılığı inkişaf etdirir və bu sahədə əməkdaşlıq icmalara müsbət sosial qarşılıqlı əlaqə və innovasiya yaradır. Memorandum icma üzvlərinin və müxtəlif ölkələrdən olan sənətkarların incəsənət sahələrində, xüsusən də rəssamlıq, heykəltəraşlıq, rəsm və dizayn sahəsində iştirakını daha da genişləndirəcək. “Azərbaycanın Dostları” Təşkilatı da məhz dinlərarası harmoniyanı, fikir və mədəniyyətlərin mübadiləsini təşviq edən qarşılıqlı əlaqələr, dialoqlar və debatlarda iştirak edən həqiqi dostların sosial şəbəkəsidir.

Qeyd edək ki, “Aworanka” platforması və “GAIA” Africa Qadınlar Klubunun birgə əməkdaşlığı ilə Laqos şəhərinin Viktoriya adasındakı “GAIA” Evində “EVE” adlı sənət sərgisi gerçəkləşdirilib. İndiyədək davam edən sərgidə Azərbaycan, İspaniya, Portuqaliya, Kamerun və Nigeriyanı təmsil edən 15 qadın rəssamın 77 əsəri nümayiş etdirilib. Ölkəmizi bu sərgidə “Zövq” və “Bütov Ay” əsərləri ilə Nigeriyada yaşayan soydaşımız Xurşidbanu Əkbərova təmsil edib.