...

Pensilvaniyada yaşayan gənc soydaşımızın təhsil uğuru

02.06.2022

ABŞ-ın Pensilvaniya ştatının Mexaniksburq (Mechanicsburg) şəhərində yaşayan gənc soydaşımız Ayxan Kərimov universitet tələbəsi adını qazanıb.

Hazırda “Cumberland Valley” orta məktəbinin 12-ci sinfini bitirən Ayxan Kərimov artıq Pensilvaniyanın Blumsburq Universitetinə (Bloomsburg University) daxil olub.

Gənc soydaşımız Nyu-York şəhərində dünyaya gəlib, sonradan ailəsi ilə birlikdə Pensilvaniya ştatına köçüb.

Ayxan amerikalı olsa da, ürəyi dogma Azərbaycanla döyünür. Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması ilə bağlı diasporumuzun keçirdiyi tədbirlərə qatılmaqla kifayətlənmir, amerikalı dostlarını da həmin tədbirlərə cəlb edir.

Əhatə olunduğu cəmiyyəti bacardığı qədər Azərbaycanla bağlı məlumatlandırmağa çalışır. Buraxılış imtahanı çərçivəsində layihə hazırlayarkən Xocalı soyqırımı mövzusunu seçib. Qısa çıxışı zamanı erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri misli görünməmiş hərbi cinayət barədə məlumat verən gəncimiz nəzərə çatdırıb ki, beynəlxalq ictimaiyyət indiyədək bu faciəyə hüquqi-siyasi qiymət vermədiyindən, hazırda dünyada günahsız insanlar hərbi cinayətlərə məruz qalırlar. Gənc Ayxanın məntiqli çıxışı amerikalılarda böyük maraq doğurub.