...

Rotterdamda “Tariximizi öyrənirik” mövzusunda müzakirələr aparılıb

30.05.2022

Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) qərargahında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Niderland Krallığında fəaliyyət göstərən diaspor assosiasiyaları rəhbərlərinin və Azərbaycan icması üzvlərinin qatıldıqları tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BAK-ın sədri Elsevər Məmmədov bayram münasibətilə soydaşlarımızı və xalqımızı təbrik edib, müsəlman aləmində dünyəvi, demokratik respublikanın ilk dəfə Azərbaycanda qurulmasını qürurverici tarixi hadisə adlandırıb.

Sonra BAK rəhbərinin müavini Sima Cəfərova “Tariximizi öyrənirik” mövzusunda məruzə ilə çıxış edib. 1917-1920-ci illər ərzində cərəyan edən hadisələr, 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının elan edilməsi, AXC-nin 23 aylıq fəaliyyəti dönəmində ölkəmizin ictimai-siyasi, iqtisadi, humanitar, hərbi sahələrinə bəxş etdiyi töhfələr barədə müfəssəl məlumat verilib. Müasir Azərbaycan dövlətinin və xalqımızın AXC-nin mirasına ləyaqətlə sahib çıxdığı və Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirdiyi nəzərə çatdırılıb.

Tədbir məruzə ətrafında fikir mübadiləsinin aparılması ilə davam edib.