...

Yunanıstan mediasında Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edilib

30.05.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104-cü ildönümünə həsr olunmuş məqalə yerləşdirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə bildirilib ki, 1918-ci il mayın 28-də baş verən hadisə Azərbaycanın dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olub. Qeyd edilib ki, müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət quruluşu olan AXC xalqımızın müstəqillik əzmini nümayiş etdirib. “23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər – insan hüquq və azadlıqlarının bərqərar olması, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyinin tanınması, hətta bir çox Avropa ölkələrindən öncə qadınlara səsvermə hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi müstəqil dövlətimizin əsaslarının möhkəmlənməsində, gələcək inkişaf yolunun müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edirdi”, - deyə müəllif nəzərə çatdırıb.

Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra bu tarixi günün hər il təntənəli şəkildə qeyd edildiyi, dövlətimizin və xalqımızın AXC mirasına ləyaqətlə sahib çıxdığı vurğulanıb: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə əldə olunan nailiyyətlər qürurvericidir”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/i-28i-maiou-fetos-simatodotei-tin-104i-epeteio-apo-tin-idrysi-tis-laikis-dimokratias-tou-azerbaitzan/