Aberdində 28 May – Müstəqillik Günü qeyd edilib
Şotlandiyanın Aberdin şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının rəhbəri Nərgiz Morrisonun təşkilatçılığı ilə "Kippi Lodge" idman və şəhərətrafı klubda gerçəkləşdirilən tədbirdə Aberdində yaşayan soydaşlarımız və digər xalqlrın diaspor nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi ilə başlayan tədbirdə Nərgiz Morrison çıxış edib. 104 il öncə müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda dünyəvi, demokratik respublikanın qurulduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ictimai-siyasi, sosial-iqtisadi, hərbi və humanitar sahələrdə demokratik islahatlar həyata keçirdiyini diqqətə çatdırıb. XX əsrin sonlarında Azərbaycan dövlətinin və xalqının AXC-nin mirasına sahib çıxdığı, Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirdiyi və ehtiramla yad etdiyi vurğulanıb.
Bədii proqramla davam edən tədbirdə ölkəmizlə bağlı məlumatlar yerləşdirilmiş flayerlər paylanılıb, müxtəlif xalq oyunları təşkil edilib, Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.