...

Kazan şəhərində 28 May – Müstəqillik Günü böyük təntənə və coşğu ilə qeyd edilib

30.05.2022

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli bayram konsert keçirilib.

“Tatarıstan Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatının gənclər qanadının təşkilatçılığı ilə “Bürc-Ulduzlar Topası” festivalının Art-iqamətgahında baş tutan tədbirdə 400 tamaşaçı iştirak edib. Onların arasında Tatarıstan Xalqları Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Respublikası Prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova, 6-cı çağırış Tatarıstan Respublikası Dövlət Şurasının deputatı Albina Nasırova, Tatarıstan Respublikası Vəkillər Palatasının üzvü Ruslan Nağıyev, Türkiyənin Kazandakı Baş konsulu İsmət Erikan, vitse-konsul Murat Taşdemir, İran İslam Respublikasının Kazandakı vitse-konsulu Məsud Mollai, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri olub.

Konsert öncəsı çıxış edən “Tatarıstan Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Bəhram Mustafayev və başqaları soydaşlarımızı və xalqımızı Müstəqillik Günü münasibətilə təbrik ediblər. Bildirilib ki, 104 il öncə müsəlman aləmində ilk dəfə Azərbaycanda dünyəvi, demokratik respublikanın yaradılması böyük tarixi hadisədir. “Bu cür tədbirlər həmvətənlərimizə öz mədəniyyətlərini, adət-ənənələrini unutmamağa, onlara daha da yaxınlaşmağa kömək edir. Biz gənclərimizlə fəxr edirik. Vətənimizdən uzaqda olmağımıza baxmayaraq, bizi birləşdirən Tatarıstan Xalqlarının Dostluq Evinə təşəkkürümüzü bildiririk”, - deyə diaspor təşkilatının rəhbəri söyləyib.

Konsert proqramında milli mahnılar, rəqslər və müxtəlif tamaşalardan səhnələr təqdim olunub. Proqram boyu səhnədəki monitorda Azərbaycanın Qarabağ bölgəsinin Şuşa, Xankəndi və digər şəhərlərinin adları və görüntüləri, “Xarıbülbül” azadlıq rəmzinin təsviri nümayiş etdirilib.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini əks etdirən sərgi təşkil edilib.