Mahaçqalada 28 May – Müstəqillik Günü münasibətilə konsert təşkil edilib
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir və konsert keçirilib.
Mahaçqala Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin və Dağıstan Milli Siyasət Nazirliyinin birgə təşkilatçılığı ilə Respublika Dostluq Evinin qarşısında baş tutan tədbirdə hökumət üzvləri, yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri, “Odlar Yurdu” Azərbaycan Milli-Mədəni Mərkəzi Stavropol diyar İctimai Təşkilatının rəhbəri Fəxrəddin Yarıyev, “İnquşetiya Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatının sədri Rəhmətulla Babayev iştirak ediblər.
Tədbirdə çıxış edən Dağıstan Respublikası Xalq Məclisinin milli siyasət, ictimai, dini birliklər və parlamentlərarası əlaqələr məsələləri komitəsinin sədri Anatoli Karibov, Dağıstan Respublikasının milli siyasət və dini məsələlər üzrə naziri Enrik Müslümov və başqaları soydaşlarımızı və Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.
"Mən ürəkdən şadam ki, biz belə bayramı Dağıstanda qeyd edirik. Biz unutmamalıyıq ki, azərbaycanlılar və dağıstanlılar qardaş xalqlardır. Biz bir-birimizə dəyər verməli və hörmət etməliyik", - deyə A.Karibov söyləyib.
Sonra Azərbaycan Dövlət Dram Teatrının artistləri, Dağıstanın “Kaspi” Dövlət Rəqs Ansamblının, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin və başqa yaradıcı kollektivlərin ifasında konsert proqramı təqdim edilib.
Tədbirin sonunda Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov icma üzvlərinə fəxri fərman və təşəkkürnamələr təqdim edib.