...

İstanbuldakı dərnəklər 28 May – Müstəqillik Günü münasibətilə bir araya gəlib

30.05.2022

Türkiyənin İstanbul şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İS-TAD) təşkilatçılığı ilə baş tutan tədbirdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulluğunun konsulu Cavid Ələkbərov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, İS-TAD-ın rəhbəri Səfər Qaraqoyunlu, baş katibi Mətin Yıldırım, İğdırlılar Dərnəyinin sədri Hadi Akmugan və başqaları çıxış ediblər. Xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin, 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyətindən danışan natiqlər bildiriblər ki, qardaş Türkiyə hər zaman ölkəmizin yanında olub. Bildirilib ki, dünyada misli görünməyən bu həmrəylik 1918-ci ilin sentyabrında Bakının erməni-bolşevik quldurlarından azad edilməsi, 1991-ci ildə bərpa olunmuş ölkəmizin dövlət müstəqilliyinin tanınması və 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirilib.

Mərasim Azərbaycan və Türkiyə musiqilərinin səsləndirilməsi ilə davam edib.