İsveçdə 28 May – Müstəqillik Günü münasibətilə beynəlxalq videokonfrans təşkil edilib
İsveçdə 28 May – Müstəqillik Günü münasibətilə “Bir daha yüksələn bayraq bir daha enməz!” adlı beynəlxalq videokonfrans keçirilib.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan konfransda müxtəlif ölkələrdə yaşayan elm xadimləri və diaspor fəalları iştirak ediblər.
Konfransın moderatoru, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva bayram münasibətilə qonaqları və xalqımızı təbrik edib, müstəqillik uğrunda aparılmış mübarizə tariximizdən bəhs edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz, Ərzurum Universitetinin professoru Gürsoy Solmaz, "Kiyev-Mogilyanska Akademiyası" Milli Universitetinin Humanitar elmlər fakültəsinin professoru, tarix elmləri doktoru Fərhad Turanlı, tarix elmləri namizədi Akif Nağı və başqaları çıxış ediblər.
Maraq doğuran faktlara, davamlı araşdırmalara və tarixi sənədlərə diqqəti cəlb edən alimlər 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qarşılaşdığı çətinliklər və qazandığı uğurlardan danışıblar. Qeyd edilib ki, AXC-nin 23 aylıq fəaliyyəti dönəmində doğma dildə təhsil və ictimai-mədəni sahələrdə əldə olunan nailiyyətlər xalqımızın milli oyanışı, özünüdərki, milli məfkurənin yaranması və ölkəmizin gələcəyi baxımından möhkəm bünövrə rolunu oynayıb.
Tədbir fikir mübadiləsi ilə davam edib.