Avstraliyanın Brisben şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Avstraliyanın Kvinslend (Queensland) əyalətinin Brisben şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
“Kvinslend Azərbaycanlıları Cəmiyyəti”nin (KAC) təşkilatçılığı ilə baş tutan tədbirdə əyalətin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən KAC sədri Elnur Fətullayev və başqaları 104 il öncə müsəlman Şərqində ilk dəfə olaraq məhz Azərbaycanda demokratik respublikanın yaradılması faktı ilə qürur duyduqlarını bildiriblər. Cəmi 23 aylıq fəaliyyəti dönəmində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətçilik tariximizə misilsiz xidmətlər göstərdiyi və çoxlu sayda demokratik islahatlar həyata keçirdiyi nəzərə çatdırılıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan dövləti AXC qurucularının mirasına və xatirəsinə böyük hörmətlə yanaşır. Dövlət başçısının müvafiq Sərəncamı ilə Bakının mərkəzində AXC-nin şərəfinə abidə ucaldılması və Cümhuriyyət qurucularının adlarının əbədiləşdirilməsi buna nümunə göstərilib.
Sonra Azərbaycanın Avstraliya İttifaqı, Yeni Zelandiya və Fici Respiblikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Qurbanovun təbrik müraciəti qonaqlara təqdim edilib.
Tədbirin bədii hissəsində avstraliyalı musiqiçi Con Varney tar və kontrabas alətlərində “Bayatı-Şiraz”, “Sarı gəlin”, “Bəri Bax”, “Arzular” və digər əsərləri böyük məharətlə ifa edib.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin və musiqisinin heyranı olan Con Varney bir neçə dəfə ölkəmizə səfər edərək, tar ifaçılığı üzrə dərslər alıb. Azərbaycan dilini mənimsəyən musiqiçi ölkəmizdəki telekanallarda da çıxışlar edib.
Tədbir çərçivəsində AXC-nin tarixinə həsr olunmuş intellektual müsabiqə təşkil edilib.