...

Estoniya paytaxtında “Azərbaycan Günü” təşkil edilib

30.05.2022

Tallin şəhərindəki Venesiya festivalı çərçivəsində 28 May – Müstəqillik Gününə həsr edilmiş “Azərbaycan Günü” adlı tədbir keçirilib.

Məşhur Lövenruh parkında gerçəkləşdirilən festival zamanı Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin, Estoniya Azərbaycan Evinin dəstəyi və tanınmış jurnalist Vadim Antsupovun təşəbbüsü ilə təşkil edilmiş Azərbaycan guşəsini şəhərin vitse-merləri Andrey Novikov və Vadim Belobrovtsev, Kristiyne rayon administrasiyasının başçısı Yaanus Riybe, tanınmış jurnalist Yuri Vendel və yerli sakinlər ziyarət ediblər.

Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və milli mətbəxini əks etdirən kitablar, suvenirlər və nümunələr nümayiş etdirilib. Milli geyimli icma üzvlərimiz qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyi və ölkəmizin hazırkı inkişafı barədə ətraflı məlumat veriblər. Tədqiqatçı Cəfər Məmmədov müəllifi olduğu “Estonlar Azərbaycanda” kitabını qonaqlara hədiyyə edib.

Tədbir çərçivəsində Lövenruh parkında Estoniya-Azərbaycan dostluğunu əks etdirən “Dostluq ağacı” əkilib.