...

Giresunda Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyi qeyd edilib

29.05.2022

Türkiyənin Giresun şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Giresun Universitetinin müəllim-tələbə heyəti, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov bildirib ki, iki il öncə Azərbaycanın əzəli torpaqları erməni işğalından azad edildiyi üçün xalqımız 28 May – Müstəqillik Gününü yüksək bayram ovqatı ilə qeyd edir. “Bir kərə yüksələn bayraq, bir daha enməz” kimi ölməz şüarı xalqımıza aşılayan AXC qurucularını və müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevi minnətdarlıqla və böyük ehtiramla yad etdiklərini bildirən dərnək sədri bildirib ki, bu inanılmaz hissləri qardaş Türkiyəmizdə dəyərli qonaqlarla birlikdə keçirmək Azərbaycan gəncliyi üçün xüsusi anlam daşıyır.

Sonra “28 May – Azərbaycan Xalq Cumhuriyyəti” mövzusunda keçirilən panel iclasında Prof.Dr. Sezai Balcı ve Prof.Dr. Betül Karagöz Yerdelen çıxış edərək, Azərbaycanın tarixin çətin sınaqlarından keçdiyi barədə ətraflı məlumat veriblər.

Tədbir Azərbaycana həsr olunmuş qısametrajlı filmin nümayişi və Giresun Universiteti Dövlət Konservatoriyası müəllimlərinin təqdim etdikləri konsert proqramı ilə başa çatıb.