Almaniya paytaxtında Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Berlin şəhərində 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.
“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri, Almaniya Azərbaycanlıları Alyansının sədr müavini Sevda Badaliouri (Qəribova) və “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədr müavini Nikol Kadirlinin moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın klassik şairi İmadəddin Nəsimi irsinin araşdırıcısı, elmi işçi Maykl Reynhard Hess, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) numayəndəsi Nəzrin Əliyeva çıxış ediblər. Bayram münasibətilə tədbir iştirakçılarını və xalqımızı təbrik edən natiqlər 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və fəaliyyətini ölkəmizin müstəqil dövlətçilik tarixində böyük hadisə kimi qiymətləndiriblər.
Sonra “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdindəki Azərbaycan dili kursunun müdavimi Fidan Soltanovanın ifasında görkəmli şairimiz Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri səsləndirilib.
Tədbir Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun nəvəsi, Almaniyada yaşayan skripka ifaçısı Fəridə Rüstəmovanın rəhbərlik etdiyi “Odlar Yurdu” musiqi qrupunun konserti ilə başa çatıb. Fəridə Rüstəmova (skripka), Aytən İbrahimova (skripka), Fərəc Əkbərov (klarnet), Mario Alarcon (violençel), Barok Bostancı (alto) kimi musiqiçilərin daxil olduğu qrupun ifasında Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərləri təqdim edilib.