ABŞ-ın Sanni Ayls Biç şəhərində 28 May tarixi “Azərbaycanın Müstəqillik Günü” elan olunub
ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.
Tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaradılıb. Cəmiyyət rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququ verilməsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, xalqımız Cümhuriyyət qurucularının miras qoyduqları irsi unutmayaraq, mürəkkəb mübarizə yolu keçib və 1991-ci ilin payızında ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinə nail olub.
Sonra şəhər meriyasının qəbul etdiyi bəyannamə Esmira Bayramovaya təqdim edilib.