...

Avstraliya azərbaycanlıları ölkənin yeni Baş nazirini təbrik ediblər

26.05.2022

Avstraliya-Azərbaycan Assosasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Mikayıl Oyta ölkənin Baş naziri Entoni Albanezeni yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Azərbaycan icması adından Baş nazirə ünvanlanan məktubda dövlət rəsmisinə və Avstraliya xalqına uğurlar arzu edilib. “Avstraliyada yaşayan Azərbaycan icması adından Avstraliyanın Baş naziri seçilməyiniz münasibətilə təbrikimizi qəbul etməyinizi rica edirəm. Sizə, hökumətinizə və Avstraliya xalqına ən xoş arzularımı ifadə etmək və uğurlar arzulamaq istərdim. Avstraliya cəmiyyətinin rifahı və bizim milli maraqlarımız naminə bütün məsələlərdə Sizinlə işləməyi və əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, sizin rəhbərliyiniz altında Avstraliya çiçəklənməyə və tərəqqi yolunda irəliləməyə davam edəcək. Sizə bütün işlərinizdə yalnız uğurlar arzulayıram”, - deyə M.Oyta nəzərə çatdırıb.

Xatırladaq ki, 21 may 2022-ci ildə keçirilən federal parlament seçkilərində Nümayəndələr Palatasındakı 151 yer və Senatdakı 40 yer uğrunda mübarizə aparılıb. Seçkilərdə İşçi Partiyası qalib gəlib. Partiyanın 59 yaşlı lideri Entoni Albaneze ölkənin 31-ci Baş naziri olub.

Qeyd edək ki, Avstraliyadakı Azərbaycan icması yerli cəmiyyətə sıx inteqrasiya etməklə yanaşı, bu il diplomatik münasibətlərinin 30-cu ildönümünü qeyd edən Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında sosial-mədəni körpü rolunu oynayır, Azərbaycan haqqında aydın təsəvvürün yaranması, ölkəmizin tanıdılması və təbliğində genişmiqyaslı fəaliyyət göstərir. Dövlət və hökumət rəsmiləri ilə əməkdaşlıq əlaqələri qurmaq istiqamətində irəliləyən Avstraliya azərbaycanlıları lobbiçilik mərhələsinə qədəm qoyub.