...

Niderland-Azərbaycan Türk Kültür Dərnəyində sertifikatlar təqdim edilib

23.05.2022

Haaqada fəaliyyət göstərən Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin nəzdindəki Niderland dili kurslarının bir qrup müdaviminə sertifikatlar təqdim olunub.

Tədbir zamanı dərnəyin sədri İlhan Aşkın və kurs müəllimi Recep Çinar kursu bitirmələri münasibətilə məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra məzunlara sertifikatlar və Şuşanın işğaldan azad edilməsinin rəmzi olan “Xarıbülbül” nişanı təqdim edilib.

Qeyd edək ki, Niderland-Azərbaycan Türk Kültür Dərnəyi 2009-cu ildən etibarən Haaqa bələdiyyəsi ilə birlikdə Niderland dili kurslarını təşkil edir. İndiyədək bu kurslarda 1500 gənc təhsil alıb. Məqsəd müxtəlif ölkələrdən Niderlanda köçən və yerli cəmiyyətə sıx inteqrasiya etmək istəyən gənclərə dəstək göstərməkdir.