Diaspor fəalı İstanbulda keçirilən mötəbər tədbirə qatılıb
Niderlandda fəaliyyət göstərən “Beynəlxalq Azərbaycanlı Qadınlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova İstanbul şəhərində keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında iştirak edb.
Kəmalə Ceylinova bildirib ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan mötəbər tədbirə Niderlanddakı Life24 TV təmsilçisi olaraq qatılıb.
Onun sözlərinə görə, tədbirdə müəyyənləşdirilmiş istiqamətlər və yeni tanışlıq əlaqələri yaşadığı ölkədəki türk dövlətləri icmalarının media və informasiya fəaliyyətində mühüm rol oynayacaq.
Qeyd edək ki, TDT-yə üzv dövlətlər – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirməkdir. Bu tədbirə rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılıblar.