...

Gürcüstan parlamentinin sədri Azərbaycan kəndindəki ictimai məktəbdə olub

20.05.2022

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bir qrup deputatla birlikdə Bolnisi Bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndindəki ictimai məktəbdə olub.

Spiker və deputatlar kənd məktəbinin IV sinfinin “Gürcü dili” dərsində iştirak ediblər. Naxiduri məktəbində parlamentin sədri və deputatlar Bolnisi Bələdiyyəsinin müxtəlif məktəblərinin direktorları, müəllimləri və yerli resurs mərkəzinin nümayəndələri ilə görüş keçirib, burada dövlət dilinin mənimsənilməsinin vacibliyindən danışıblar.

Şalva Papuaşvili Gürcüstanda yaşayan etnik azlıqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi baxımından parlamentin roluna və gələcək planlara diqqət çəkib. Parlamentin Təhsil və elm komitəsinin rəhbəri Giorgi Amilaxvari, Regional siyasət komitəsinin rəhbəri Sozar Subari, İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Mixeil Sarcveladze, deputatlar Qoqi Meşveliani və Xatuna Kvitsiani müəllimləri maraqlandıran sualları da cavablandırıblar.

G.Amilaxvari bildirib ki, rəhbərlik etdiyi komitə etnik azlıqların keyfiyyətli təhsilə əlçatanlığı ilə bağlı tematik araşdırmaya başlayıb: “Biz parlamentin sədri ilə birlikdə Naxiduri ictimai məktəbində olduq. Təhsil və elm komıtəsı etnik azlıqların keyfiyyətli təhsilə çıxış imkanları ilə bağlı tematik sorğuya başlayıb. Ona görə də tədris prosesi, o cümlədən gürcü dilinin tədrisi prosesi ilə yerindəcə tanış olmağımız vacibdir. Biz həmçinin “Gürcü dili” dərsində iştirak etdik, müəllimlər, məktəb rəhbərləri ilə görüşdük və dövlətin keyfiyyətli təhsilə tam çıxışını təmin etmək üçün bu məktəbin və bütövlükdə bizim etnik azlıqların üzləşdiyi bütün çətinlikləri müzakirə etdik".