...

ABŞ mətbuatında Şuşanın son bir ildə keçdiyi inkişaf yolundan bəhs edilib

17.05.2022

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında erməni işğalından azad olunduqdan sonrakı müddət ərzində Şuşada həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edən "Müharibədən dağılmış Qarabağ bölgəsindəki Şuşa son bir ildə necə dəyişib?" sərlövhəli məqalə dərc olunub.

Siyasi şərhçi Reyçel Avraham müəllifi olduğu məqalədə bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtında keçirilən Beynəlxalq Qida Festivalında iştirak etmək üçün Şuşaya etdiyi səfər zamanı şahidi olduqlarını keçən il İsrailin sabiq rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayub Kara ilə Azərbaycana səfəri çərçivəsində Şuşada gördükləri ilə müqayisə edib və son bir il ərzində burada əldə olunmuş tərəqqini görməkdən keçirdiyi heyrət hissini gizlətməyib.

Müəllif ilk növbədə keçən il sözügedən ərazidə olarkən çoxlu çuxurları olan minalanmış torpaq yollarla getməli olduqları halda, bu il ən müasir standartlara cavab verən, 8 saatlıq məsafəni 5 saatlıq məsafəyə çevirən Zəfər yolu ilə getməkdən duyduğu məmnunluğu dilə gətirib. Qeyd olunub ki, ötən illə müqayisədə Füzulidən Şuşayadək olan yolda müvafiq infrastruktur, o cümlədən müxtəlif iaşə obyektləri inşa edilib, habelə tədbir iştirakçıları elektrik təchizatı olmayan ötən ilki bərbad mehmanxanının əvəzinə beşulduzlu “Qarabağ” mehmanxanasında yerləşiblər, şəhərdə əksər binalar, o cümlədən bütün məscidlər rekonstruksiya olunub və ya yenidən tikilib. Məqalənin sonunda müəllif yaxın illər ərzində Şuşanın yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevriləcəyinə əminliyini ifadə edib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2022/05/16/how-has-shusha-in-the-war-torn-karabakh-region-transformed-over-the-past-year/