...

Almatıda "Qarabağ Azərbaycandır!" kitabı təqdim edilib

17.05.2022

Qazaxıstanın Almatı şəhərində “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun müəllifi olduğu "Qarabağ Azərbaycandır!" adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə Qazaxıstanın yerli ictimaiyyətinin tanınmış şəxslərindən "Uyğur avazı” qəzetinin redaktoru Erşat Asmatov, "Döyçe Zaytunq" alman qəzetinin baş redaktoru Olesya Klimenko, Qazaxıstanın milli "Dədə Qorqud" Fondunun və "Azərbaycan dünyası" beynəlxalq jurnalının Qazaxıstan təmsilçisi Nasixa Kenjina, Ahıska və Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, 44 günlük Qarabağ zəfərinin üzərindən iki ilə yaxın vaxt ötsə də, soydaşlarımızın həmin sevincli günləri hələ də unudulmayıb. “Şuşa ili” çərçivəsində çap olunan nəfis tərtibatlı kitabın Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır!" məşhur ifadəsi ilə adlandırılması isə bu şüarın xalqımız və xaricdə yaşayan soydaşlarımız üçün böyük əhəmiyyət kəsb etdiyinin bariz nümunəsidir.

Kitabdakı şeirlərdə Qarabağın, Vətən müharibəsinin Azərbaycan üçün ifadə etdiyi məqamlara toxunulub, yeni reallıqlara diqqət cəlb edilib. Vətənpərvərlik ruhu ilə yoğrulmuş şeirlərin əsgərlərimizin rəşadətini, Vətən sevgisini vəsf etdiyi, sanki doğma torpağa qovuşmaq üçün Şuşanın sərt qayalarına dırmanaraq, onu düşməndən xilas edən azərbaycanlı əsgərin dilindən səsləndiyi, ordumuzun Qarabağı xilasetmə səhnəsinin göz önündə canlandirdığı nəzərə çatdırılıb.

"Qarabağ, evə uzun yol" kitabının müəllifi Nasixa Kenjina ötən ay Şuşaya səfəri barədə düşüncələrini bölüşüb. Qeyd edək ki, hər zaman beynəlxalq səviyyələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ölkəmiz haqqında 3 kitabın müəllifi olan N.Kenjina 44 günlük müharibə müddətində də təcavüzkar Ermənistanın ünvanına kəskin çıxışları ilə fərqlənib.

Sonra Rövşən Məmmədoğlu kitabın üzərində işləməsindən, Dünya Azərbaycanlıların V Qurultayında iştirakı zamanı ölkəmizin mədəniyyət paytaxtı Şuşadan aldığı təəssüratlardan danışıb, Azərbaycanın Qarabağa qayıtdığı kimi, axısxalıların da bir gün Axısxaya dönəcəklərinə ümid etdiyini bildirib.

Tədbir müəllifin Şuşaya həsr etdiyi şeiri səsləndirməsilə yekunlaşıb.