...

Bişkekdə ulu öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş futbol turniri təşkil edilib

11.05.2022

Qırğızıstanın paytaxtı Bişkek şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə futbol turniri keçirilib.

“Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlılar Birliyi” ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan turnirdə yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən “Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlılar Birliyi” ictimai təşkilatının sədri Xansıvar Baxşəliyev ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

Turnirdə 18-45 yaşarası kateqoriyanı əhatə edən Qırğızıstanın 5, Qazaxıstanın 3 komandası qarşılaşıb. Heydər Əliyev adına kubok uğrunda yarışda I yeri Qırğızıstan, II və III yerləri isə Qazaxıstan komandaları tutub.