Dövlət Komitəsi Semyon İxiilovun vəfatı ilə bağlı nekroloq yayıb
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri Semyon İxiilovun vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda deyilir:
“Azərbaycanın yəhudi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri Semyon Borisoviç İxiilov ömrünün 82-ci ilində vəfat edib.
Onunla vida mərasimində Bakıdakı müsəlman, xristian və yəhudi icmalarının rəhbərləri, İsrailin Azərbaycandakı səfiri Corc Dik iştirak ediblər.
Semyon Borisoviç İxiilov 1940-cı il dekabrın 9-da Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. 1957-ci ildə Bakıdakı 171 saylı məktəbi bitirib, Moskvada inşaat mühəndisi ixtisası üzrə orta və ali təhsil alıb, SSRİ Müdafiə Nazirliyi sistemində çalışıb. 1987-ci ildən 1995-ci ilədək Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədr müavini olub. 1995-ci ildə bu dini konfessiyanın sədri seçilib. 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq Sərəncamı ilə Semyon İxiilov ölkənin ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi Semyon İxiilovun vəfatı xəbərindən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və ölkəmizdəki Dağ Yəhudiləri Dini İcmasına dərin hüznlə başsağlığı bildirir.
Allah rəhmət eləsin!”