ABŞ mətbuatında Azərbaycanın Türkiyə-İsrail münasibətlərindəki rolundan bəhs edilib
Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində Azərbaycanın rolundan bəhs edən "Azərbaycan Türkiyə-İsrail barışığına necə kömək etdi?" sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın İsrailin Müstəqillik Günü ərəfəsində bu ölkənin prezidenti İsaak Herzoqa təbrik məktubu göndərməsinə diqqət çəkilib, bunun iki dövlət başçısı arasında son həftələrdə gerçəkləşmiş üçüncü təmas olduğu vurğulanıb, həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun cari ilin may ayının 24-də İsrailə səfərinin gözlənildiyi barədə məlumat verilib.
İsrail cəmiyyətinin tanınımış simalarının fikirlərinin yer aldığı məqalədə cərəyan edən prosesdə Azərbaycanın açar rolu oynadığına ifadə olunan inam fonunda ölkəmizin İsrail ilə Türkiyə arasında münasibətləri yaxşılaşdırmaq üçün səylərini əsirgəmədiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, xalqları etnik köklər baxımdan qardaş olan Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı münasibətlər də qardaş və dost münasibətləridir, anti-semitizm Azərbaycan və Türkiyə xalqlarının mədəniyyətinə yaddır, Azərbaycan və Türkiyə diasporları bütün dünyada qarşılıqlı təsir zəminində fəaliyyət göstərir və qeyd olunan bu amillər Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın həlledici rol oynaya bilməsinə imkan verir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2022/05/09/how-azerbaijan-assisted-turkish-israeli-reconciliation/