...

Ulyanovskda ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib

11.05.2022

Rusiyanın Ulyanovsk şəhərində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Ulyanovsk regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URAMMM) təşkilatçılığı ilə gerçəkləşən tədbir zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına meydandakı abidəsi ziyarət olunub. Ulyanovsk vilayətinin rəsmi şəxsləri, yerli ictimaiyyətin, Azərbaycan diasporunun və regionun digər milli icmalarının nümayəndələri dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Ulyanosk vilayətinin qubernatorunun müşaviri, URAMMM sədri İslam Hüseynov bildirib ki, 10 may tarixi dünyanın istənilən guşəsində yaşayan hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir. “Həmin gün bütün xalq Azərbaycan Respublikasını XXI əsrə aparan, Azərbaycanın yeni dövlətçiliyinin əsaslarını yaradan dahi şəxsiyyəti minnətdarlıqla və ehtiramla anır. Biz, Rusiya azərbaycanlıları üçün vacib məsələlərdən biri də odur ki, məhz Heydər Əliyev Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərdə yeni təməlin bünövrəsini qoydu. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında münasibətlərin necə inkişaf edəcəyi həll olunurdu. Heydər Əliyevin sayəsində düzgün qərarlar verildi!”, - deyə diaspor təşkilatının sədri vurğulayıb.

Qeyd edib ki, Ulyanovsk vilayətində Heydər Əliyevin xatirəsinə xüsusi şəkildə yanaşılır. Tarixi şəxsiyyətin abidəsinin ucaldıldığı meydandan başqa, 78 saylı orta məktəb onun adını daşıyır. Nəzərə çatdırılıb ki, həmin məktəb Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilib.

Sonra vilayətin vitse-qubernatoru Aleksanr Korobko, regional etnik məsələlər üzrə idarənin rəisi Sergey Paxovski, Ulyanovsk şəhər rəhbərinin birinci müavini Vadim Andreyev və Heydər Əliyev adına 78 nömrəli məktəbin müəllim və şagirdləri çıxış ediblər. Bildirilib ki, Heydər Əliyev həm SSRİ-nin, həm də Azərbaycanın inkişafında əvəzsiz xidmətlər göstərib. “O, gözəl başa düşürdü ki, ölkələrimizdə inkişaf yalnız birgə səylərlə əldə edilə bilər və buna görə də millətlərarası sülhün və barışın qorunması üçün hər şeyi etdi. Bu baxımdan bizim dövlətimizdə və bölgəmizdə onun xoş və parlaq xatirəsi qorunub saxlanılıb”, - deyə Aleksandr Korobko söyləyib.

Azərbaycanın unudulmaz liderinin Ulyanovsk üçün çoxlu sayda xeyirxah işlər gördüyünə diqqət cəlb edilib. “Heydər Əliyev ölkəmizin sosial-iqtisadi inkişafına böyük töhfələr verib. Ulyanovsk Rusiyada Heydər Əliyevin şərəfinə abidəsi və meydanı adlandırılan azsaylı şəhərlərdən biridir. Biz hər il Azərbaycan Milli-Mədəni Muxtariyyətinin nümayəndələri ilə birlikdə dahi siyasətçinin doğum günü ərəfəsində buranı ziyarət edirik”, - deyə Vadim Andreyev vurğulayıb.