...

Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycan diasporunun yeni hədəfləri müzakirə edilib

13.05.2022

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Avstraliya İttifaqı və Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının iştirakı ilə onlayn formatda görüş keçirilib.

Görüşdə bu qitədə yaşayan soydaşlarımız və həmvətənlərimiz, Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının, Avstraliya Azərbaycanlıları Assosiasiyasının, Kuizlənd Azərbaycanlıları Cəmiyyətinin, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının, Yeni Zelandiyadan isə “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və fəal üzvləri iştirak ediblər.

DİDK-nin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə baş tutan tədbirdə Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan diaspor təşkilatları qarşısında müəyyənləşdirilən strateqiya və yeni hədəflərə diqqət cəlb edilib. Sözügedən ölkələrdə məskunlaşan və fəaliyyət göstərən azərbaycanlılarının birliyinin, həmrəyliyinin gücləndirilməsinin və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə Avstraliya və Okeaniya ölkələri üzrə Koordinasiya Şurasının təsis olunması və həftəsonu Azərbaycan məktəbin açılması müzakirə edilib. Diaspor nümayəndələri Avstraliyada Azərbaycan Evinin açılması təklifini irəli sürüblər.

Qeyd edək ki, DİDK-nın Asiya, Avstraliya və Okeaniya ölkələri üzrə şöbəsinin əməkdaşlarının iştirak etdiyi onlayn görüşdə gələcək perspektivlərə dair fikirlərin ümumiləşdirilərək konseptual proqramın ərsəyə gətirilməsi qənaətinə gəlinib.