...

Utrextdə yaşayan Azərbaycan icmasına V Qurultayın nəticələri barədə məlumat verilib

12.05.2022

Niderlandın Utrext şəhərində “Birlikdə Güclüyük” Fondunun idarə heyəti üzvlərinin Azərbaycan icmasının nümayəndələri ilə görüşü keçirilib.

Görüş zamanı “Birlikdə Güclüyük” Fondunun həmsədri İlkanə Qoca 22-23 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı haqqında ətraflı məlumat verib və təəssüratlarını bölüşüb. Mötəbər tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı əsas məqamlar, soydaşlarımıza və diaspor təşkilatlarına tövsiyələri icma üzvlərinin nəzərinə çatdırılıb.

Eyni zamanda fondun həmsədri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mövcud vəziyyətinə, Şuşaya və Ağdama səfərlərinə, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda, o cümlədən Ağdamda kütləvi şəkildə basdırılan minalar probleminə diqqəti cəlb edib.

Tədbirdə Azərbaycan dilini, tarixini, mədəniyyətini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün atılacaq addımlar barədə ətraflı fikir mübadiləsi aparılıb.

Utrext əyalətində yaşayan Azərbaycan icması üzvlərinin gələcək planları haqqında da müzakirələr aparılıb, onların fikirləri dinlənib. İcmanın istəkləri və arzuları əsasında iş planı hazırlanıb.