...

Osloda Azərbaycanla Norveç arasında diplomatik əlaqələrin 30 illiyi qeyd ediləcək

12.05.2022

Mayın 24-də Oslo şəhərindəki “Ədəbiyyat Evi”ndə (Litteraturhuset) Azərbaycanla Norveç Krallığı arasında diplomatik əlaqələr qurulmasının 30 illiyi münasibətilə tənrənəli tədbir keçiriləcək.

Ölkəmizin İsveç, Norveç, Finlandiyadakı səfirliyinin təşkilatçılığı və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin rəhbəri Ramil Əliyevin koordinatorluğu ilə gerçəkləşdiriləcək tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak edəcək.

Tədbirin bədii hissəsində tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti İsfar Sarabskinin rəhbərlik etdiyi “İsfar Sarabskinin triosu” çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 5-də qurulub. Norveç Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verir. 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında “Əsrin müqaviləsi”ni imzalayan dünyanın 11 ən iri neft şirkətindən biri Norveçin “Statoil” neft şirkəti olub.

Norveçdə Azərbaycanın dostlarından biri də məşhur etnoqraf və səyyah Tur Heyerdal olub. O, 1981-ci ilin avqust ayında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Həsən Əliyevin dəvəti ilə ilk dəfə ölkəmizə səfər edib. Səfər zamanı o, Qobustan qoruğunu ziyarət edərkən burada qədim insanlar tərəfindən çəkilmiş qayıq rəsmlərini Norveçin mis dövrü qayıq rəsmlərinə bənzədib. Məhz bu səfər zamanı Tur Heyerdal Azərbaycan rəhbəri Heydər Əliyevlə görüşüb. Dahi şəxsiyyətlə səyyah arasında yaranan səmimi ünsiyyət böyük dostluğa çevrilib və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra alim dəfələrlə ölkəmizə səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Norveçdə fəaliyyət göstərən "CAN" təşkilatının təşəbbüsü ilə ötən ilin mayında Oslo şəhərində "Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et" adlı fotosərgi təşkil edilib. Aker Brygge bulvarında gerçəkləşdirilən sərgi Azərbaycan-Norveç əlaqələrinə, görkəmli dövlət xadimi Heydər Əliyevlə dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal arasında olan dostluq münasibətlərinə həsr olunub.