Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə Komitə əməkdaşları Fəxri Xiyabanda ümummilli liderin məzarı ziyarət edərək, ehtiramlarını bildiriblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli lider haqqında filmin nümayişindən sonra Komitə sədri Fuad Muradov çıxış edərək, dahi şəxsiyyətin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, Azərbaycan diasporunun formalaşmasındakı müstəsna xidmətlərindən danışıb. Ulu öndərin xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasını irəli sürdüyü, dünya azərbaycanlılarının həmrəyliyi ideyasının əsasını qoyduğu, Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasını, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini daim diqqətdə saxladığı nəzərə çatdırılıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi möhtəşəm tarixin Azərbaycanın milli bayramları sırasında yer alması ümummilli liderin böyük siyasi kursunun məntiqi nəticəsi kimi qiymətləndirilib.
Tədbirdə ABŞ, Meksika, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Niderland, Litva, Rusiya, Türkiyə və Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Samara Vilayəti Azərbaycanlılar Liqasının sədri Şirvan Kərimov, “Dostluq” Primorye Azərbaycanlılarının ictimayi təşkilatının sədri Ramiz Zeynalov, Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, jurnalist Anar Həsənov, Sverdlovsk vilayətinin “Ural-Azərbaycan” Milli Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Arxangelsk vilayətinin “Azərbaycan Diasporası” Regional İctimai Birliyinin sədri Tərlan Qasımov, Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycan Radasanın həmsədri Oleq Krapivin, Ukrayna Azərbaycanlı Alimlər Şurasının sədri Arif Quliyev, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova, Azərbaycan-İsveç Federasiyasından Əjdər Tağızadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının baş katibi, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağayeva qeyd ediblər ki, ümummilli liderin dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də böyük uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi dünya azərbaycanlılarının daha sıx və mütəşəkkil şəkildə bir araya gəlməsinə, misli görünməmiş birlik və həmrəylik nümayiş etdirməsinə gətirib çıxarıb. Bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının bunu bir daha təsdiqlədiyi vurğulanıb.