...

Almaniyadan rəsmi cavab

10.05.2022

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin kansler administrasiyası Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımı ilə bağlı müraciətini cavablandırıb.
Məktubda dövlət kanslerinin adından müraciətə və “Onlar heç vaxt böyüməyəcəklər” kitabına görə soydaşlarımıza minnətdarlıq bildirilib. Qeyd edilib ki, əyalət rəhbərliyi hər cür müharibə və işgəncə faktlarına qarşı çıxış edir. Ümid edilib ki, Xocalı soyqırımı həqiqətləri alman federal idarəçiləri və münaqişə tərəflərinin birgə səyləri ilə üzə çıxacaq.
Bu məktub alman rəsmilərinin Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatlarının keçirdiyi mühüm tədbirlərə yüksək səviyyədə reaksiyadır.
Qeyd edək ki, Kölndə fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi yerli ictimaiyyətdə Qarabağ həqiqətləri barədə yanlış və ermənipərəst rəy formalaşmaması naminə sistemli iş aparır. Bu məqsədlə hər il Xocalı soyqırımının ildönümü ərəfəsində Almaniyanın bütün əyalət rəhbərlərinə və Bundestaqa müraciətlər, eləcə də alman və ingilis dillərində Boran Əzizin “XX əsrdə ermənilərin türklərə qarşı törətdiyi soyqırımlar”, Elşad Eyvazlının “Böyüməyən uşaqlar” və Səriyyə Cəfərovanın “Onlar heç vaxt böyüməyəcəklər” kitabları göndərilir.
Xatırladaq ki, 2019-cu ildən etibarən Köln Azərbaycan Evi fəaliyyət göstərir və hazırda orada yeniyetmə və gənc soydaşlarımıza Azərbaycan dili və ədəbiyyatı tədris edilir.