Vladiqafqazda ulu öndər Heydər Əliyevə həsr olunmuş təntənəli tədbir təşkil edilib
Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, fəaliyyəti yalnız xalqa xidmət üzərində qurulmuş böyük öndərin şəxsiyyəti haqqında danışmaq çox məsuliyyətlidir və böyük şərəfdir. “Hələ sovet dövründə xalqının inkişafı naminə həyata keçirdiyi islahatlar, o dövrün çətinliklərinə sinə gərərək millətin rifahı üçün gördüyü işlər onun fəaliyyətinin bir hissəsidir. Heydər Əliyev əsl vətən oğlu və xalqa xidmət edən şəxs olduğunu Azərbaycanın ən ağır günündə özünü onun köməyinə çatdırmaqla bir daha sübut etdi. Dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini də ortaya qoydu. Çox sevinirik ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir”, - deyə Ş.Əliyev vurğulayıb.
Sonra Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtuz Gülməmmədov, Şimali Osetiya-Alaniya Respublikası parlamenti sədrinin müavini Qari Kuçiyev və digərləri çıxş edərək, Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti sayəsində Azərbaycanın inkişafından, dünyanın müasir və qabaqcıl ölkələri sırasında özünə layiqli yer tutmasından danışıblar. Qeyd edilib ki, Azərbaycanın müasir tarixini Heydər Əliyevdən, Heydər Əliyevi isə xalqımızın müasir tarixindən ayrı təsəvvür etmək qeyri-mümkündür.
Tədbir zamanı iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Heydər Əliyev irsinə, Azərbaycan diasporunun fəaliyyətinə töhfələr verən diaspor fəalları təşəkkürnamələrlə təltif ediliblər.
Tədbir azərbaycanlı məktəblilərin Heydər Əliyevə həsr olunan şeirləri səsləndirməsi və Azərbaycan incəsənət ustalarının konserti ilə davam edib.