...

Salonikidə Yunanıstan-Azərbaycan dostluğuna həsr olunmuş tədbir təşkil edilib

10.05.2022

Saloniki şəhərinin Abelokipus bələdiyyəsinin Karapantsio Mədəniyyət Mərkəzində “Yunanıstan-Azərbaycan dostluq gecəsi” adlı tədbir keçirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Keçmiş SSRİ ölkələrindən olan Yunan İcmalarının Ümumyunan Federasiyasının təşkiltçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, bələdiyyələrin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Cəmiyyətin baş katibi Salatın Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxış edərək, ölkələrimiz arasında əlaqələrin yaranması tarixindən və inkişafından danışıb.

Sonra tədbirdə Yunan İcmalarının Ümumyunan Federasiyasının Baş katibi İliana Kantaidou, Azərbaycanın Yunanıstan və Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, Saloniki regional dairə idarəsinin nümayəndəsi Xristos Mattis, “Mitera Tereza” Alban Qaçqınları Təşkilatının sədri Arjan Cara, “Silloğos Katikon Neas Politias” rəqs qrupunun sədri Papanikolau Stilianos və xoreoqraf Varvara Panagiotidou çıxış ediblər. Onlar mədəni tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq münasibətlərinin və əlaqələrinin möhkəmlənməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirin bədii hissəsində müxtəlif xalqların manıları və milli rəqsləri təqdim olunub. Musiqiçilər Nina Katiğaridu, Eteri Muratidu, Venera Lavrentidou və Yannis Alexiadıs yunan, ponti və Azərbaycan mahnılarını ifa ediblər. “Kallitexniki Steği Pontion Voreiou Ellados”, “ZOİ” təşkilatının, “Silloğos Katikon Neas Politias” cəmiyyətinin və “ARGO” rəqs qruplarının ifasında yunan, ponti, alban və gürcü rəqsləri nümayiş etdirilib.