...

Qazaxıstan Xalqları Birliyi Gününə həsr olunmuş tədbirdə ölkəmiz təmsil olunub

06.05.2022

Qazaxıstanın Türküstan şəhərində 1 May – Qazaxıstan Xalqları Birliyi Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan təmsil olunub.

Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin nəzdindəki Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi iştirak edib.

Birliyin azərbaycanlı tələbələrlə birlikdə təşkil etdiyi Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən milli suvenirlər, geyimlər, milli mətbəximizə aid nümunələr və rəqslərimiz nümayiş etdirilib. Azərbaycan guşəsi tədbir iştirakçılarının və qonaqların böyük marağına səbəb olub.

“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri Ramilə Mustafayeva bildirib ki, Türküstan vilayətində və Qazaxıstanda zəngin mədəniyyətimizin təbliğ olunması istiqamətində səmərəli fəaliyyət göstərməkdə davam edəcəklər: “Bizə göstərilən qayğı və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və komitənin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk”.