...

Zalsburqda azərbaycanlı rəssamın studiyası açılıb

05.05.2022

Avstriyada yaşayan azərbaycanlı rəssam Yeganə Özkanın (Zamanova) Zalsburq şəhərində studiyası açılıb.

Y.Özkan bildirib ki, emalatxana kimi fəaliyyət göstərəcək studiya Zalsburq şəhər bələdiyyəsinin dəstəyi ilə açılıb. Azərbaycanlı rəssam nəzərə çatdırıb ki, bu məkan həm də əsərlərinin sərgilənməsi məqsədilə istidafə olunacaq. Gələcəkdə isə studiyada digər rəssamların əsərləri də nümayiş ediləcək və Azərbaycandakı həmkarlarının işlərinin təqdimatları həyata keçirilicək.

Qeyd edək ki, diaspor fəalı olan Yeganə xanım Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvüdür. Uşaqlıqdan rəssamlıq peşəsinə həvəs göstərib və multiplikator olmağı arzulayıb. Bu baxımdan yaratdığı əsərlərdə sehrli və nağılvari təsvirlərə geniş yer verir. Hazırda rəssam əsərlərini yaradarkən fərqli materiallardan istifadə edir və qarışıq texnika üslubuna üstünlük verir.