...

ABŞ mətbuatında Azərbaycanla Ermənistan arasında sülh perspektivlərindən bəhs edilib

05.05.2022

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Ermənistanla Azərbaycan arasında sülh perspektivləri yaxşılaşıb - Prezident Əliyev” sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə Prezident İlham Əliyevin cari ilin aprelində Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi Şuşa şəhərində etdiyi çıxışına istinadən erməni təcavüzünün gətirdiyi bütün ağrılı-acılı məqamlara, işğala və vəhşiliklərə rəğmən, Azərbaycan tərəfinin sülhün bölgənin gələcəyi üçün zəruri olduğuna inandığı və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsinin indi gündəmdə olduğu bildirilib.
Qeyd edilib ki, Azərbaycanın konkret beş prinsipdən ibarət irəli sürdüyü təklif Ermənistan tərəfindən qəbul edilib və bununla da Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını və gələcəkdə də belə olmayacağını rəsmən bəyan edib. Azərbaycanın dövlət başçısı bunun münaqişədən sonrakı dövr üçün dönüş nöqtəsi olduğunu və ölkəsinin həmin beş prinsip əsasında danışıqları davam etdirmək niyyətində olduğunu bildirib. Prezident İlham Əliyev hazırda hər iki ölkənin xarici işlər nazirləri və digər nazirləri tərəfindən işçi qruplarının yaradılması prosesinin getdiyini qeyd edərək yaxın vaxtlarda konkret danışıqların başlanmalı olduğunu vurğulayıb, Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin yarana bilməsi imkanını diqqətə çatdırıb.
Məqalədə mövzu ilə əlaqədar Dağ Yəhudiləri Sinaqoqunun baş ravvini Şmuel Simantov, türkiyəli yəhudi jurnalist Rafael Sədi, ABŞ-dakı Azərbaycan diasporunun üzvü, Meyn-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov və digər şəxslərin fikirləri də yer alıb. Qeyd edilib ki, 29 il ərzində heç bir quruculuq işi görməyən ermənilər öz dağıdıcı, vandal fəaliyyətləri ilə azərbaycanlıların tarixini Qarabağdan silməyə çalışıblar.
Azərbaycanla İsrail və yəhudi xalqı arasındakı mövcud münasibətlərə də toxunulan məqalədə bəyan edilib ki, Azərbaycanın yəhudi milliyətindən olan milli qəhrəmanı Albert Aqarunov Azərbaycanla İsrail arasında, bütün yəhudi dünyası ilə Azərbaycan arasında dostluğu təbliğ edən ən mühüm addır və azərbaycanlılar öz yəhudi əsgərinə ehtiram göstərməyi dünyanın bir çox ölkəsindən daha yaxşı bacarırlar. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası regional qüvvələrin balansını dəyişib və Azərbaycan təkcə nəqliyyat qovşağı və Trans-Xəzər enerji qovşağına deyil, həm də Cənubi Qafqaza və ondan kənara nəzarət edən siyasi qüvvəyə çevrilib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jewishpress.com/indepth/opinions/prospects-for-peace-between-armenia-and-azerbaijan-have-improved-president-aliyev/2022/05/04/