İsrailli sabiq nazir "The Jerusalem Post" qəzetində Azərbaycanın ugurlu multikulturalizm siyasətindən bəhs edib
İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik olan "The Jerusalem Post" qəzetində "Yəmən və Azərbaycan yəhudilərinin irsi" sərlövhəli məqalə dərc olunub.
İsralilin sabiq rabitə, kiber və peyk naziri Ayub Karanın müəllifi olduğu məqalədə dünyada alovlanan anti-semitizm dalğası fonunda Azərbaycanda mövcud olan multikulturalizm siyasətindən və yəhudilərə xoş münasibətdən söhbət açılıb. Qeyd edilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasi kursu ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev böyük uğurla həyata keçirir.
Məqalədə dünyanın aparıcı demokratik ölkələrində yəhudi icmalarına qarşı diskriminasiya siyasətinin dərinləşdiyi, amma Azərbaycan dövlətinin öz yəhudi vətəndaşlarına onların milli inkişafı üçün müxtəlif subsidiya və digər maliyyə dəstəyi göstərdiyi nəzərə çatdırılıb. Bildirilib ki, sinaqoqların tikintisi və yəhudilərə məxsus digər milli-dini institutların dirçəlişi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir və Azərbaycan sinaqoqların gecələr bağlanmadığı yeganə ölkədir.
Eyni zamanda Azərbaycan yəhudilərinin öz vətənlərinin ərazi bütövlüyü uğrunda Birinci və İkinci Qarabağ müharibəsində yaxından ıştirak etdikləri, milliyyətcə yəhudi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun bu müqəddəs amal uğrunda şəhid olduğu vurğulanıb.
Müəllif hesab edir ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi yəhudilərə və yəhudiliyə göstərdiyi ehtiram digər ölkələrdə yaşayan yəhudilər üçün bir xəyaldır. Keçən il Azərbaycana etdiyi səfər çərcivəsində Qubadakı Qırmızı Qəsəbədə, habelə işğaldan azad edilmiş ərazilərdə olduğunu xatırladan Ayub Kara bildirib ki, ulu öndərin doğum günündə – 10 may tarixində rəhbəri olduğu İqtisadi Sülh Mərkəzi Yəmən Yəhudiləri Assosiasiyası ilə birlikdə "Azərbaycanın yəhudi icmasından Yəmən yəhudilərinə – iki icmanın tarixi" mövzusunda tədbir keçirəcək. Həmin tədbirdə İsrail cəmiyyətinin bir sıra tanınmış simaları məruzə ilə çıxıs edəcəklər.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-705696