...

Bakıda “Tərəqqi” medallı orqan ifaçısının konserti olub

29.04.2022

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının, yerli musiqi ictimaiyyətinin, müxtəlif ölkələrdəki Azərbaycan diasporu nümayəndələrinin qatıldıqları konsertdə Almaniya, Avstriya, Azərbaycan və Amerika bəstəkarlarının əsərləri ifa olunub.

Qeyd edək ki, Avropa və ABŞ-da konsert proqramları ilə çıxış edən Cəmilə Cavadova-Spitsberq ölkəmizdə musiqi elmləri doktoru dərəcəsini almış ilk qadın orqan ifaçısıdır. Hazırda Texas ştatının Dallas şəhərində yaşayır və Dövlət Universitetində professor-mühazirəçi vəzifəsində çalışır. Dünyanın bir çox nəşrlərində məqalələri dərc olunub. Eyni zamanda solo və ansambl ifaçısı kimi fəaliyyət göstərir. Qərb və Azərbaycan bəstəkarlarının əsərlərini repertuarına daxil edən musiqiçi həm də Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvüdür.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə Cəmilə Cavadova-Spitsberq “Tərəqqi” medalı ilə təltif edilib.