Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti
Biz, dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş və Vətən müharibəsi zamanı 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciət edirik.
Ermənistan 30 ilə qədər Azərbaycan ərazilərini işğal altında saxlayaraq təbii sərvətləri talan etmiş, mütəmadi olaraq yanğınlar törətmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək dərəcədə zərər vurmuşdur. 60 min hektar meşə məhv edilmiş, kəsilmiş və oğurlanmışdır.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın və Kəlbəcəri tərk edən Ermənistan həmin ərazilərdə qəsdən yanğınlar törətmişdir.
Vaxtilə işğal edilmiş ərazilərdə 2000-dən çox adda bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bölgədəki 127 fauna növü və 72 flora növü nadir və nəsli kəsilmək təhlükəsi altında olmaqla, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmışdır.
Təbiət abidəsi statusuna malik 152 sayda ağac, 8 xüsusi qiymətli meşə sahəsi, 6 ədəd geoloji-palentoloji obyekt, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət sərvətləri uzun illər ağır və misli görünməmiş talanla üz-üzə qalmışdır.
Ermənistan uzun illər Sərsəng su anbarını Azərbaycana qarşı humanitar və ekoloji terrorizm aləti kimi istifadə etmişdir. Qəsdən qış aylarında su anbarı açılaraq ətraf ərazilərdə daşqın törədilir, yay aylarında isə su kəsilərək insanlar və təsərrüfatlar sudan məhrum edilirdi.
Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirmişdir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoymuşdur. Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak etmişdir.
İşğal edilmiş ərazilərdə axan və yerləşən su mənbələrinin uzun illər boyu çirkləndirilməsi qiymətli balıq növlərinin yox olmasına və balıq ehtiyatlarının tükənməsinə səbəb olmuşdur.
Ermənistan ərazisində yerləşən və istismar müddətini keçmiş Metsamor Atom Elektrik Stansiyası bütün regionun ətraf mühiti və əhalinin sağlamlığı, region ölkələri üçün ciddi təhlükə yaradır. Hər an baş verməsi mümkün olan qəza regionun radioaktiv çirklənməsinə səbəb olacaq.
Ermənistanın yuxarıda qeyd edilən qanunsuz əməlləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin “Bioloji müxtəliflik haqqında”, “Səhralaşmaya qarşı mübarizə haqqında” və digər beynəlxalq razılaşmalarından irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır.
Biz, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə həyata keçirdiyi ekoloji dağıntıları insanlığa yaraşmayan, bəşəriyyətə qarşı törədilən cinayət aktı kimi dəyərləndirir və UNEP-i işğaldan azad edilmiş ərazilərin flora və faunasının vəziyyətinin qiymətləndirmə işini davam etməyə, ekoloji fəsadların aradan qaldırılmasında Azərbaycan Hökumətinə dəstək verməyə və təbiətə vurulmuş zərəri müəyyən edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çağırırıq.
Müraciət Dünya Azərbaycanlılarının V Qurultayında qəbul edilmişdir.
Azərbaycan Respublikası, Şuşa şəhəri, 23 aprel 2022-ci il.