Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciəti

29.04.2022

Biz, dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş və Vətən müharibəsi zamanı 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edirik.
Təqribən 30 illik işğal ərzində Ermənistan əsrlər boyu bu ərazilərdə yaşamış Azərbaycan xalqının izini məqsədli şəkildə silməyə çalışmışdır. Şəhər və kəndlər dağıdılmış, mədəni və dini abidələr viran qoyulmuş və talanmışdır. Azərbaycanın 10-a yaxın şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinmişdir. Tamamilə dağıdılmış Ağdam “Qafqazın Hirosiması” adlandırılır. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra Azərbaycan ordusu üzərində bayrağımızı dalğalandırmaq üçün bir dənə də salamat bina tapa bilmirdi.
Ermənistanın işğalı altında olmuş ərazilərdə 70-ə yaxın məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan ikisi isə ciddi zərər görmüş və təhqir edilmiş, donuz və inək tövləsi kimi istifadə olunmuşdur.
Bu ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, onların əksəriyyəti ya məhv edilmiş, ya da mənimsənilmişdir. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.
Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış və qarət edilmişdir. Unikal Ağdam Çörək muzeyi yerlə-yeksan edilmiş, Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.
Azərbaycan musiqisinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyovun və Bülbülün, şairə Xurşudbanu Natəvanın Şuşa şəhərindən Ermənistana aparılmış heykəlləri sonradan pul qarşılığında Azərbaycana gətirilmişdir. Həmin heykəllər Vətən müharibəsindən sonra doğma yurduna – Şuşaya qaytarılmışdır.
Azad olunmuş ərazilərə təşkil edilmiş çoxsaylı səfərlər zamanı xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlər Ermənistan tərəfindən törədilən bu vandallığın şahidi olmuşlar.
Vaxtilə işğal altında olmuş Azərbaycan əraziləri ilə yanaşı, Ermənistan ərazisində də Azərbaycan xalqının qədim mədəni irsi dağıdılmış və mənimsənilmişdir.
Biz, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Ermənistan tərəfindən 30 il işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını, talan olunmasını insanlığa yaraşmayan, bəşəriyyətin mənəvi irsinə qarşı törədilən cinayət aktı kimi qiymətləndirir, Ermənistanın hərəkətlərinin beynəlxalq hüquq normalarına, o cümlədən 1954-cü il "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına və "Mədəni sərvətlərin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında" 1970-ci il UNESCO Konvensiyasına zidd olduğunu bildirir və UNESCO-nu Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kultursid və urbisid siyasətinə obyektiv qiymət verməyə çağırırıq.
Biz, eyni zamanda UNESCO-nu Ermənistanda Azərbaycan xalqının mədəni irsinin cari vəziyyətinin qiymətləndirilməsi məqsədilə bu ölkəyə missiya göndərməyə çağırırıq.

Müraciət Dünya Azərbaycanlılarının V Qurultayında qəbul edilmişdir.
Azərbaycan Respublikası, Şuşa şəhəri, 23 aprel 2022-ci il.