Dünya Azərbaycanlılarının V Qurultayının beynəlxalq ictimaiyyətə müraciəti
Biz, dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş və Vətən müharibəsi zamanı 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən beynəlxalq ictimaiyyətə müraciət edirik.
Təqribən 30 illik işğal ərzində Ermənistan əsrlər boyu bu ərazilərdə yaşamış Azərbaycan xalqının izini məqsədli şəkildə silməyə çalışmışdır. Azərbaycanın 10-a yaxın şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinmiş, ərazilər ciddi şəkildə minalanmışdır. 2020-ci ilin noyabrın 10-da Vətən Müharibəsinin bitməsindən sonra 208 nəfər mina qurbanı olmuşdur. Onlardan 37 nəfəri həlak olmuş, digərləri əlil olmuş, müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Həlak olanların əksəriyyəti doğma yurdlarına səfər etmək, yaxınlarının məzarlarına baş çəkmək istəyən eyni ailənin üzvləri olmuşlar.
Ümumilikdə, 1991-ci ildən bu vaxta kimi 3159 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı sursatların qurbanına çevrilmişdir. Onların 354 nəfərini qadınlar, 54 nəfərini isə uşaqlar təşkil edir.
Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Minatəmizləmə əməliyyatları həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, digər yerli və beynəlxalq operatorların məlumatına görə müharibədən sonra aparılan minatəmizləmə əməliyyatları nəticəsində 55 mindən yuxarı mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilmişdir. Bəzən bir kv.m ərazidən 5-6 piyadalar əleyhinə minalar aşkar olunaraq məhv edilir. 30 illik işğaldan azad edilmiş yaşayış məntəqələri istiqamətində bəzən 18-20 mina xətti aşkar olunur. Təkcə 210-dan yuxarı yaşayış məskəni ətrafında baş vermiş mina hadisələrinə dair ANAMA-da dəqiq məlumatlar toplanmışdır.
Çoxsaylı beynəlxalq təzyiqlərdən sonra Ermənistan mina formulyarlarının müəyyən hissəsini Azərbaycana təqdim etsə də, onların dəqiqlik faizi çox aşağıdır.
Ermənistan Azərbaycan ərazilərində basdırdığı minalara və onların nəticəsində pozulan insan hüquqlarına görə dövlət məsuliyyəti daşıyır. Ermənistan bu sahədə əməkdaşlıq etməməklə, minaların mülki şəxsləri öldürməsinə və əlil etməsinə şərait yaradır və beləliklə, ən fundamental insan hüququ olan yaşamaq hüququnu pozur.
Vətən Müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlara Ermənistan tərəfindən atılmış ballistik və qadağan olunmuş kasetli raketlər, fosfor tərkibli top mərmiləri də daxil olmaqla dinc əhaliyə qarşı raket və artilleriya hücumları nəticəsində 500 nəfərdən çox mülki şəxs həlak olmuş və yaralanmış, çoxsaylı dağıntılar törədilmişdir. Bu gün də ərazilərə səpələnmiş kasetli sursatlar sosial-iqtisadi itkilərə, insan ölümlərinə səbəb olur.
Azad olunmuş ərazilərə və müharibədən zərərçəkmiş şəhərlərə təşkil edilmiş çoxsaylı səfərlər zamanı xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlər Ermənistan tərəfindən törədilən bu barbarlığın şahidi olmuşlar.
Mina problemi azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi yenidənqurma və bərpa işlərini, eləcə də bu günü on illərlə gözləyən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını ləngidir. Hazırda Azərbaycan öz imkanları hesabına bu ərazilərdə minatəmizləmə fəaliyyəti aparır. Lakin bu proses çox böyük maliyyə resursu və vaxt tələb edir.
Biz, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Ermənistan tərəfindən 30 il işğal altında saxlanılmış Azərbaycan ərazilərinin total şəkildə minalanmasını, mina formulyarlarının dolğun şəkildə təqdim edilməməsini insanlığa qarşı törədilən cinayət aktı kimi qiymətləndirir, Ermənistanın hərəkətlərinin beynəlxalq hüquq normalarına, o cümlədən mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasına və Piyadalar əleyhinə minaların istifadəsi, saxlanılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava Konvensiyasına zidd olduğunu bildiririk.
Biz, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları və təsisatları Ermənistanın Azərbaycan ərazilərini total şəkildə minalamaqla həyata keçirdiyi insanlıq əleyhinə siyasətinə lazımi hüquqi qiymət verməyə, eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərinin bərpası, insanların öz doğma yurd-yuvalarına təhlükəsiz şəkildə geri dönüşünün təmin edilməsi istiqamətində apardığı səylərə praktiki, texniki və maliyyə resursları ilə dəstək olmağa çağırırıq.
Müraciət Dünya Azərbaycanlılarının V Qurultayında qəbul edilmişdir.
Azərbaycan Respublikası, Şuşa şəhəri, 23 aprel 2022-ci il.