Təltif olunan diaspor nümayəndələri Prezidentə təşəkkür edib
“Tərəqqi” medalı ilə təltif olunmağmı eşidəndə, doğrusu, böyük sevinc hissi yaşadım və həyəcan keçirdim. Bu, mənim üçün, ailəm üçün gözlənilməz xəbər idi. Özümün və ailəmin adından Prezident İlham Əliyevə dərin təşəkkürümü çatdırıram”. Bu sözləri Estoniyadakı “Avşar” kukla teatrının bədii rəhbəri, xalq artisti Muxtar Avşarovun oğlu Rauf Avşarov deyib.
O qeyd edib ki, 26 il öncə Estoniyanın Tallin şəhərində “Avşar” kukla teatrını yaradıb: “Bu mükafatı həm də teatrın fəaliyyətinə verilən ən böyük qiymət hesab edirəm. Hər dəfə teatrın pərdəsi tamaşaçıların alqışları ilə açılarkən biz fəxr edirik ki, Avropada Azərbaycan mədəniyyətini təbliğ edən yeganə kukla teatrını yaradanlarıq”.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü, Avropada tanınmış mühəndis-alim, dünyanın bir çox ölkələrində qeydiyyata düşmüş 30-dan çox patentin müəllifi, Almaniyanın məşhur “Şeffler Qrupu” şirkətinin ölkədə və dünyada təmsilçisi Yaşar Musayev də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsinə görə dövlət başçısına minnətdarlığını bildirib: “Bu, mənə böyük fəxarət hissi yaşatdı, eyni zamanda Vətən qarşısında məsuliyyətimi daha da artırdı. Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarına isə öz səmimi salamlarımı yetirirəm. Şuşada bu xəbəri almaq səmimi deyim ki, nəinki mənim üçün, Almaniyada fəaliyyət göstərən bütün fədakar dostlar üçün gözlənilməz və çox sevindirici oldu”.
Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış piano ifaçısı Adilə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunmasından qürur hissi keçirdiyini deyib. O, Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində belə yüksək mükafata layiq görülməsini “həyatının çox xoş hadisəsi” adlandırıb: “Əziz Prezidentimizin təltif etdiyi “Dostluq” ordenini dərin minnətdarlıq və qürur hissi ilə qəbul etdim. O, xalqımızı qələbəyə aparan Müzəffər Ali Baş Komandanımızdır. Ümumiyyətlə, cənab İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan xalqının şöhrətinin özünə qaytarılması və artırılması istiqamətində yorulmadan çalışırlar”.
A.Əliyeva qeyd edib ki, bu mükafatı təkcə özünün yox, bütövlükdə Azərbaycan diasporunun gördüyü işlərə verilən yüksək qiymət kimi qəbul edir: “Bu mükafat bizi daha da irəli getməyə, Prezidentin bizə tövsiyə etdiyi bütün işləri yerinə yetirməyə həvəsləndirir. Mən Fransa vətəndaşıyam, amma Vətənim mənim üçün hər şeydən üstündür və irəlidədir. İndiyədək gördüyümüz işləri böyük məmnuniyyətlə davam etdirəcəyəm. Fürsətdən istifadə edərək Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və əməkdaşlarına da təşəkkürümü bildirirəm. Komitə çox çətin işləri həyata keçirir və nəcib işlə məşğuldur. Komitə əməkdaşları hər zaman xaricdə yaşayan soydaşlarımızın köməyinə tələsirlər”.
Estoniyada "Ocaq" radio verilişinin aparıcısı, tərcüməçi Sənəm Əliyeva isə Şuşada “Diaspor fəaliyyətində fərqlənməyə görə” medalı ilə təltif olunub: “Təbii ki, Şuşada qurultaya qatılacağım heç ağlıma gəlməzdi. Şuşaya ayaq basarkən çox qarışıq hisslər keçirdim. Həm sevinc, həm də kədər vardı. Şəhidlərimizi bir an belə unutmadım. Onların dərddən qocalmış anaları gəldi gözümün önünə. Bütün səfər boyunca şəhidlərimizin ruhuna dualar etdim, onlara təşəkkür etdim. Şuşa dağıdılmış, infrastrukturu tam bərpa olunmamış şəhərdir. Erməni vandalizminin izini biz hər yerdə gördük. Amma bununla bərabər, təşkilatçılıq çox yüksək səviyyədə həyata keçirilmişdi. Böyük zəhmət olduğu açıq-aydın görünürdü. O qurultayda mənim ən çox diqqətimi çəkən və qürurlandıran cənab Prezidentin nitqi oldu. Çox səlis və dəqiq nitqində bizə xeyli mesajlar ötürdü”.