“Əgər səni unutsam, Yerusəlim” adlı filmin təqdimat mərasimi keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsində rejissor Rüfət Əsədovun “Əgər səni unutsam, Yerusəlim” filminin təqdimat mərasimi keçirilib.
Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunmuş tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev ötən həftə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı münasibətilə iştirakçıları təbrik edib.
“Azİz”in nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman film haqqında məlumat verib. Bildirib ki, “Picmus Production” və “Azİz”in birgə istehsalı olan film Azərbaycanda yaşayan dağ yəhudiləri haqqında dördüncü filmdir.
Filmin nümayişindən sonra ABŞ-da fəaliyyət göstərən Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov, “Mənim Yolum” Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, ABŞ-da yaşayan həmyerlimiz Mehriban Nəsib və başqaları təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, Azərbaycan xalqı tolerantlıq və multikultural dəyərlərə sadiqliyi ilə hər zaman fərqlənib, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri daim sülh və əmin-amanlıq içində yaşayıblar. Britaniya Azərbaycan icmasının rəhbəri Fəridə Pənahova isə İsraildə Azərbaycan haqqında analoji filmin çəkilməsini təklif edib.
Sonda çıxış edən filmin rejissoru Rüfət Əsədov xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib, çəkiliş prosesinin maraqlı məqamlarından söz açıb.